Neçə gün əvvəl “Azərmetal” Topdansatış-Ticarət Birliyinin kollektivi adından birliyin baş direktoru Şahin Abbasov və birliyin baş mütəxəssisi Tamara İbrahimova “Təzadlar”ın qonağı oldular, baş verənlərə aydınlıq gətirdilər. Onlar Prezident İlham Əliyevdən kömək istəyirlər...
Onların yazılı müraciətini təqdim edirik:
Çox hörmətli Cənab Prezident!
Biz- Azərmetal” Birliyinin kollektivi bu müraciətlə bildiririk ki, Sizin 19 may 2016-cı il tarixli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanınıza uyğun olaraq, neçə vaxtdır Əmlak Komitəsinin mütəxəssisləri tərəfindən müvafiq araşdırma və sənədləşdirilmə aparılaraq idarələrimizin balansında qalan torpaq sahəsi və digər əmlakların hərraca çıxarılaraq satılması qərara alınmışdı. Lakin Respublikanın ən ucqar bölgələrindəki çayxana və ticarət budkaları, sınıq-salxaq texnikalar hərraca çıxarılsa da, bizim Bakı şəhərinin mərkəzində Heydər Əliyev prospektində yerləşən əmlakımızın hərraca çıxarılması bizə məlum olmayan səbəblərdən yubadılır. Hər dəfə Əmlak Komitəsinə etdiyimiz müraciətlərə isə cavab olaraq bildirirlər ki, guya yubanmanın səbəbi paytaxtın əsas yollarının üstündə yerləşən müəssisələr üçün Nazirlər Kabinetinin xüsusi qərarı olmalıdır. Lakin Nazirlər Kabinetinin müvafiq strukturları ilə əlaqə saxladıqda məlum olurdu ki, heç də belə deyildir, bu bizim ərazilərə göz dikmiş məmurların uydurmasıdır və ümumiyyətlə, yuxarıda qeyd edilən Prezident Fərmanı Nazirlər Kabinetinə belə bir səlahiyyəti verməmişdir. Elə isə Əmlak Komitəsinin rəhbərliyi niyə bizim əmlakların hərraca çıxarılmasını istəmir, yaxud buna manne olur? Allaha şükür, Əmlak Komitəsi İqtisadiyyat Nazirliyinin tabeliyinə verildi. Ötən il isə “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalandı. 07 oktyabr 2021-ci il tarnixli Fərmana əsasən, ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlığının artırılması məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin əsasında “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs (bundan sonra - Agentlik) yaradıldı. Fərmanda o da qeyd edildi ki, “Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin balansında olan dövlət əmlakının, habelə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin balansında olan və Agentliyin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin”. Bu isə artıq o deməkdir ki, “Azkontrakt” Dövlət Korporasiyası ləğv edilir, balansındakı bütün əmlaklar, o cümlədən bizim “Azərmetal” Birliyinin əmlakları, Agentliyin balansına verilir.
Sual yaranır: Agentliyin İdarə Heyətinin rəhbərliyinin məlumatı varmı ki, “Azkontrakt”ın keçmiş rəhbərliyi “Azərmetal”ın balansındakı 12,5 ha torpaq sahəsini necə satıb paylayıb? Məsələn, təkcə bizim Bakı şəhəri, Heydər Əliyev prospektindəki əsas idarə binasının yerləşdiyi ərazidəki 6 hektardan çox torpaq sahəsi kollektivimizin xəbəri olmadan ayrı-ayrı məmurlara satılıb, hasarlanıb. Hazırda bizim ixtiyarımızda cəmi 85 sot torpaq sahəsi qalıb. Bu insafsız rəhbərlik elə hərəkətlər etdi ki, hətta idarəmizə giriş darvazanı da satdılar, idarəyə giriş tamamilə başqa yerdəndir.
Cənab Prezident! Bu yaxınlarda Agentliyin mütəxəssisləri və özünü “Azkontrakt”ın cədr müavini kimi təqdim edən, rəhbər səlahiyyətlərini mənimsəyən Güləddin Dadaşov Akt tərtib edərək bizə məxsus əmlakların Agentliyin balansına verilməsinə imza atmışlar. Amma məndən başqa. Və bizim baş mühasibi hədələyərək ona imza atdırıblar. G.Dadaşov Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri S.Sadıqovu da aldadaraq 23 sentyabr 2022-ci il tarixli Akta imza atmasına nail olmuşdur. Hansı ki, məhz G.Dadaşovun əməlləri sayəsində Bazamızın bütün torpaq sahələri ayrı-ayrı məmurlara satılmışdır. O, hansı daşınar və ya daşınmaz əmlakların Agentliyin balansına verilməsindən danışır???
Cənab Prezident!
Diqqətinizə onu da çatdırırq ki, bəzi məmurlar uzun illər bizim əmlakları ələ keçirmək üçün cəhdlər etmişlər. Məsələn, bizim-”Azərmetal” Birliyinin H.Əliyev prospektində, “Atletlər kəndi” ilə üzbəüzdə yerləşən inzibati binası və torpaq sahəsi uzun illər əvvəldən ayrı-ayrı kənar adamlar (məmurlar) tərəfindən ələ keçirilib özgəninkiləşdirilmişdir. Bu səbəbdən biz hazırda çıxılmaz vəziyyətdə qalmışıq. Belə ki, “Azərsutikinti” SC-nin sədri, Prezident Administrasiyasının sabiq şöbə müdiri olmuş Yusif Hümbətov girişib bizim idarənin ərazisini ələ keçirməyə. Və bazamızın torpaq sahəsini elə formada özəlləşdirib ələ keçirib ki, 12 ha sahədən bizə qalan 85 sot torpaq sahəsini necə özəlləşdirəcəyimizi bilmirik. Neçə illərdir ki, hətta biz idarəmizə daxil ola bilmirik, birliyin darvazası Yusif Hümbətovun ələ keçirdiyi ərazidə qalıb. Yusif Hümbətov faktiki olaraq bizi oyundan kənar vəziyyətə salıb, torpaq sahəmizi elə bir kökə salıb ki, eskiz sənədlərindən heç bir memar belə baş çıxara bilməz, o cümlədən Dövlət Əmlak Komitəsinin mütəxəssisləri də.
Bir faktı da diqqətə çatdıraq ki, adı çəkilən “biliyimiz mərhum Prezident Heydər Əliyevin 1996-cı il 17 dekabr tarixli fərmanı ilə yaradılmış “Azkontrakt”ın tabeliyindədir. Həmin tarixi fərmanda yazılır:
“Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
İdarəetmə strukturunun təkmilləşdirilməsinin həyata keçirilməsinin təmin edilməsi üçün maddi-texniki təchizatın, o cümlədən dövlət ehtiyaclarının təminatı sahəsinin müasir iqtisadi münasibətlərə uyğun qurulması məqsədilə qərara alıram:
1.Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin əsasında açıq tipli Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyəti yaradılsın.
2.Müəyyən edilsin ki, ilkin mərhələdə cəmiyyətin səhmlərinin 100 faizi dövlətə məxsusdur.
3.”Azərkontrakt” Səhmdar Cəmiyyətinə Aəzərbaycan Respublikasının dövlət ehtiyaclarının və strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi-texniki təminatı, bu sahədə dövlətlərarası təsürrüfat əlaqələrinin təşkili, birbaşa münasibətlərin inkişafında mülkiyyət formasından asılı olmayaraq respublikanın müəssisə və təkşilatlarına köməklik edilməsi tövsiyyə edilsin.
4.Azərbaycan Respublikaksının Dövlət Əmlak Komitəsi Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyətinin təsis edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan lazımı tədbirlərin həyata keçirilməsini təmin etsin.
5.Azərbaycan Respublikası prezidentinin “Azərbaycan Respublikası Dövlət Maddi-Texniki Təchizat Komitəsinin Azərbaycan Respublikasının Material Ehtiyyatları Nazirliyinə çevrilməsi haqqında” 1992-ci il 29 may tarixli 801 saylı və “Azərbaycan Respublikasının Material Ehtiyatları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 1992-ci il 21 avqust tarixli 148 saylı fərmanları öz qüvvəsini itirmiş hesab edilsin.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev
Bakı şəhəri, 17 dekabr 1996-cı il”.
“Azərmetal” Topdansatış Ticarət Birliyinin “Azkontrakt”ın fəaliyyətsiz olduğu ötən 26 il ərzində öz əli, öz başı olub. Amma son illər “bıçaq boğaza” dirənib, artıq neçə illərdir kollektiv əmək haqqı ala bilmir. Belə bir idarə isə artıq çoxdan özəlləşməyə verilməli idi. Amma məlum olur ki, kollektiv dura-dura kənar şəxslər idarənin əmlakını ələ keçirməyə girişiblər və onlardan biri və ən problemlisi isə yuxarıda qeyd etdim, “Azərsutikinti” SC-nin sədri Yusif Hümbətovdur. Vaxtilə 12 hektar sahəsi olan idarənin indi cəmi 0,85 ha torpaq sahəsi qalıb. Hamısı satılıb. Şikayətimizin də məzmunu və mahiyyəti ondan ibarətdir ki, bu torpaq sahələri bizə aidiyyəti olmayan adamlara satılıb, bunu da bağışlamaq olardı, amma bizə qalan 85 sot torpağı isə özümüzə, öz kollektivimizə özəlləşdirməyə imkan vermirlər. Bu qədər ədalətsizlik olarmı? Vaxtilə Azərbaycanda metal sahəsində ən böyük baza olmuşuq. “Azkontrakt”ın balansına veriləndən tam fəaliyyətsizik. 1996-cı ildə 123 nəfər idik, indi 5-10 nəfər qalıb... Bazanın özəlləşməsi haqqında biz dəfələrlə məsələ qaldırmışıq, buna baxmayaraq heç bir vaxt “Azərmetal”da, bizim sistemdə, bizim strukturda işləməyən adamlara ərazilərimizi satıblar, özəlləşdiriblər, bizim kollektivin üzvlərindən başqa. Məsələn, Mirzə Ramazanov adlı şəxsə 1 ha 20 sot torpaq veriblər, bizim ərazidə, hətta darvazadan girib-çıxmaq yerimiz də qalmayıb.
Bir məsələni də qeyd edək ki, kollektivin vaxtilə 12 hektar 75 sot torpaq sahəsi olub. 12 ha 75 sotun isə 1 hektar 20 sotu nazirlərdən birinə, 6,1 hektarı Sumqayıtda sonradan yaradılmış qurama bir MMC-yə satılıb. Vaxtilə 2,1 ha ərazi üzərində mübahisə gedəndə isə 90 sot ərazi kollektivin işçisi Elçin Nuriyevin adına sənədləşdirilib, icarə müqaviləsi bağlanıb. Məqsəd bu ərazinin əldən getməsinin qarşısı almaq olub. Uzun müddətə müqavilə bağlanıb, 60 min manatdan çox icarə haqqı ödənilib və s. Amma sonradan kollektivin bu sahəni özəlləşdirilməsinə imkan verilmədi. Bu barədə dəfələrlə Kərəm Həsənova, “Azkontrak”ın prezidenti mərhum Miri Qənbərova müraciətlər yazılıb, amma heç bir faydası olmayıb. Halbuki bizim kollektivlə bərabər bir gün fərqi ilə iki müqavilə bağlanıb. Nömrələri-3804 və 3805. “Azərmetal”ın sahəsi (müqaviləsi) özəlləşməyə verilmir, amma 3805 saylı müqaviləli ərazi özəlləşməyə verilir. Bu necə ola bilər? Əmlak Komitəsinin sədr müavini Rauf Cəlilovun, aparat rəhbəri Rüstəm Şahbazovun imzaları ilə bizə rəsmi cavablar verilir ki, gözləyin. Hətta çox maraqlıdır ki, Abşeron topdansatış müəssisəsi 1 hektar 0,4 sot və 1 hektar 40 sot sahəni özəlləşdirəndə belə yenə də kollektiv kənarda qaldı.
Hörmətli cənab Prezident! Diqqətinizə Baş nazir Artur Rasizadənin sərəncamını da çatdırmaq istəyirik. Orada “Azkontrakt”ın balansındakı müəssisələrin siyahısı var. İndi onların 90 faizi qanunsuz olaraq satılıb. Sərəncamda isə deyilirdi:
“Baş nazir A.Rasizadə
05.07.1997-ci il, 131 saylı sərəncam
“Azərkontrakt” Səhmdar Cərniyyətinin strukturuna daxil edilmiş müəssisə və obyektlərin siyahısı
-”Azərmetal” topdansatış ticarəti birliyi və onun Bakı şəhəri, Moskva prospekti, 98 ünvanda yerləşən anbar təchizat şahəsi (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)
-”Azərmaşavadanlıq” idarəsi və onun Bakı şəhəri, Nobel prospekti, 36 və
M.Qaşqay küçəsi, 100 ünvanlarında yerləşən anbar tesərrüfatları (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)
-”Yüngül və yeyinti sənayesi məhsullarının topdansatış birliyi”, “Azəryüngülyeyintisənaye” və onun Bakı şəhəri, Nobel prospekti, 10 və Nizami küçəsi, 149 ünvanlarında yerləşən anbar təsərrüfatları(”Azərkontrakt” Səhmdar Cəmiyyəti)
-”Azkontrakt” Səhmdar Cəmiyyəti (“Azərkontrakt” Səhmdar Cəmiyyətinin Moskva şöbəsi)
-”Azərətsüd”- icarə müəssisəsi və onun Bakı şəhəri, Montin qəsəbəsi, Köndələn küçəsi-2 ünvanda yerləşən soyuducu bazası (keçmiş Ticarət Nazirliyi)
-”Baqqaliyyə malları üzrə respublika topdansatış ticarəti “Azərbaqqaliyyə” kontoru və onun Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 507-ci məhəllədə yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət Nazirliyi).
-”İstehsalat avtoekspedisiya” birliyi və onun Bakı şəhəri, Xırdalan qəsəbəsi, Şamaxı şossesi, 6 ünvanda yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət \Nazirliyi)
-”Azintreyd” xarici ticarət birliyi (keçmiş Ticarət Nazirliyi)
-Qax rayonunda yerləşən istirahət evi (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)
A.Hacıyev, Nazirlər Kabinetinin işlər müdiri
A.Hacıyev”.
Dövlətin birbaşa təsis etdiyi, prezident sərəncamı ilə böyük səlahiyyətlər əldə edən “Azkontrakt” SC-nin tabeliyində olan müəssisələrin əmlaklarını məmurlar ələ keçirir, amma kollektiv hələ də özəlləşməyə gedə bilmir. Baş verənlərin hamısı “Özəlləşmə haqqında” Qanunun, Prezident sərəncamlarının tamamilə ziddinədir. Hesab edirik ki, bu ziddiyəti yaradanlar Əmlak Komitəsinin rəhbərliyi və “Azərsutikinti” SC-nin sədri Yusif Kərim oğlu Hümbətov və “Azkontrakt”ın rəhbərliyi olub.
Cənab Prezident!
Xahiş edirik, kollektivimizin əmlakının hərraca çıxarılmasına mane olan səbəblərin aradan götürülməsinə və bu hərraca mane olan məmurların, xüsusən də özünü həmişə “Azkontrakt” SC-nin İdarə Heyətinin sədri kimi təqdim edən, lakin heç bir qanuni səlahiyyəti olmayan Güləddin Dadaşovun cəzalandırılmasına göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk.
“AZKONTRAKT”IN SƏDR MÜAVİNİNİN İŞİNƏ DTX-DƏ VƏ BAŞ PROKURORLUQDA BAXILIR
Azərbaycan Nazirlər Kabineti “Azkontrakt” müəmmasına aydınlıq gətirməlidir: Prezident Fərmanında qurumun ləğv olunduğu, Nazirlər Kabinetinin Qərarında isə ölkədə qaz satışı ilə məşğul olduğu bildirilir...
Gəlin əvvəlcə yaxın tarixə nəzər salaq: Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 519 nömrəli Fərmanı ilə səhmləri 100% dövlətə məxsis olmaqla, keçmiş Material Ehtiyatları Nazirliyinin və Ticarət Nazirliyinin əsasında yaradılmışdır. Bu məlumat hazırda da “Azkontrakt”ın rəsmi saytında yer alıb. Saytda olduqca maraqlı məlumat var və bunu növbəti yazıda təqdim edəcəyik. Saytda “Rəhbərlik” qrafasında isə sədrin müavini kimi Güləddin Dadaşovun adı keçir. Vaxtilə SC-nin tabeliyində olmuş çoxsaylı obyektlərin taleyinə indi Baş Prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətində, eləcə də İqtisadiyyat Nazirliyində və nazirliyin tabeliyində olan Əmlak Komitəsində aydınlıq gətirilməyə çalışırlar. Belə ki, “Azkontrakt” SC-nin tabeliyində olan “Azərmetal” Birliyinin Baş direktoru Şahin Abbasov ötən ay “Azkontrakt” SC-nin sədr müavini olan Güləddin Dadaşovun metalbazanın əmlakının və işçilərin külli miqdarda əmək haqlarının mənimsəməsi barədə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) şikayət vermişdir. Həmin şikayət araşdırılması üçün Baş Prokurorluğa göndərilmişdir. Baş Prokurorluq da bəzi epizodlar üzrə araşdırma aparılması üçün şikayətə əlavə edilmiş həmin sənədlərin araşdırılıb Güləddin Dadaşovun barəsində qanuni ölçü götürülməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.
Tamara İbrahimova: “Güləddin Dadaşov qanunsuz olaraq istirahət günü idarəmizə adamlarını göndərib, bazanın darvazasını qıfılladıb, idarənin qapısını açaraq maliyyə sənədlərimizi darmadağın ediblər...”
“Təzadlar”a telefon açan “Azərmetal” Topdansatış-Ticarət Birliyi Baş direktorunun köməkçisi Tamara İbrahimova dəhşətli faktları açıqladı:
- Uzun illərdir özünü fəaliyyəti olmayan “Azkontrakt”ın sədr müavini kimi elan edən Güləddin Dadaşovdan DTX-yə və Baş Prokurorluğa şikayət verdiyimizə görə, o, istirahət günlərində idarəmizə adamlarını göndərib, bazanın darvazasını qıfılladıb, idarənin qapısını açaraq maliyyə sənədlərimizi darmadağın ediblər... Buna nə ad verək? Artıq aidiyyəti dövlət qurumlarına şikayət vermiş, “Azkontrakt”ın birləşdirildiyi Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri S.Sadıqova kollektiv adından müraciət yazmışıq. Çoxsaylı işçilər adından imzalanmış şikayətdə qeyd etmişik ki, axı “Azərmetal” Topdansatış-Ticarət Birliyi ləğv edilməyib, “Azkontrakt” SC kimi, bizim də əmlaklar, sadəcə, Dövlət Ehtiyatları Agentliyinə birləşdirilib. Biz kollektiv olaraq Agentliyin sədri cənab S.Sadıqovla görüşüb ona müfəssəl məlumat vermək istəyirik ki, Güləddin Dadaşov “Azkontrakt”ı və birliyimizı nə hala salıb... Dəfələrlə rəhbərliyə (“Azkontrakt” ASC) telefonla və üzbəüz müraciət etməyimə baxmayaraq, onlar tərəfindən, şəxsən özünü müavin kimi qələmə verən Güləddin Dadaşov (hansı ki, onun vəzifəsi prezident tərəfindən təsdiqlənməyib) kobudcasına “get kimə istəyirsən şikayət et” demişdir. Mən bir Azərbaycan vətəndaşı kimi sizə müraciət edib bildirmək istəyirəm ki, birliyə rəhbərlik etmiş “Azkontrakt” ASC rəhbərliyinin çox zəif və vecsiz olması üzündən uzun illərdir ki, əmək haqqı ala bilmirik. Amma Güləddin Dadaşov Cəmiyyətin bir idarəsini iki yerə bölüb qanunsuz olaraq (8 noyabr prospektində) qaynına ikinci bir idarə yaradıb ki, gələcəkdə özəlləşmə olanda ona daha çox pay düşə bilsin. Bu özbaşınalıq idi. Belə çıxırdı ki, bu vəziyyət rəhbərliyi qane edirmiş. Təşkilatlarla heç bir kontrakt bağlamayan, lakin uzun müddət ancaq bütün dövlət qanunlarımızı pozmaqla məşğul olan, yəni təkcə bizim birliyimizin 12,75 hektar sahəsini satmaqla məşğul olan çox hörmətli mərhum sədrimiz Miri Qəmbərov və onun “müavini” Dadaşov Güləddin cənabları, sanki böyük bir işçi kollektivinin qəsdinə durmuşlar. Prezidentin 1996-cı ildə qəbul etdiyi 607 saylı Fərmanının 2-ci bəndi tamamilə yerinə yetirilməmişdir. Həmin bənddə deyilir: “2. “Azərkontrakt” ASC-yə Azərbaycan Respublikasının dövlət ehtiyaclarının və strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi-texniki təminatı, bu sahədə dövlətlərarası təsərrüfat əlaqələrinin təşkili, birbaşa münasibətlərin inkişafında mülkiyyət formasından asılı olmayaraq respublikanın müəssisə və təşkilatlarına köməklik edilməsi tövsiyə edilsin”.
Rəhbərliyin çox zəif və işə vecsiz münasibəti nəticəsində bu müddəaların heç biri indiyə qədər öz əksini tapmamışdır. Birliyimizin 12.75 hektar torpaq sahəsi bütün irad və təkliflərə baxmayaraq ayrı-ayrı şəxs və təşkilatlara qeyri-qanuni şəkildə satılmışdır. Məsələn: Sumqayıt bazası 6.1 hektar, Sabunçu sexi 0.7 ha, Nizami TSTB - 2.0 ha, Abşeron TSTB - 1.14 ha və cəmi 11.41 hektar birlik işçilərinə böyük ziyan vurmuşlar. Sonuncu bu iki təşkilatın nə vaxt yarandığını biz heç bilməmişik. Nəticədə işçilər işdən ayrılmış və bu günə kimi uzun müddətdir işlədikləri birlikdən nə maaş, nə də özəl pay ala bilməyiblər. Belə ki, yerdə qalan 1.34 hektar ərazi anbar və təsərrüfatları ilə birlikdə artıq özəlləşdirmə haqqında Dövlət qanuna görə işçi kollektivinin payına düşdüyü halda, yenidən dövlət qanunlarına zidd olaraq, hansısa yollarla 0.5 hektar sahə anbar və tikililərlə birlikdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə verilmişdir. Bu zaman heç bir təhvil-təslim aktı olmamışdır. Hazırda “Azərmetal” Topdansatış Birliyinin işığı, suyu kəsilmiş, kommunal xidmətlər dayandırılmış, otaqlar dağınıq, qapılar sınıq vəziyyətə gətirilmişdir. Ümumiyyətlə, bizim şikayətlərimizə qulaq asan yoxdur. Anbar daxilinə gələn bütün dəmir yolları, dirəklər, qaldırıcı kranlar və bütün metal məmulatları müxtəlif yollarla satılıb və işçilər buna görə çörəksiz qalıb. 2014-cü ildən bəri maaş almayan insanlar necə yaşasın? Amma debitor pullarımız çoxdur. Məsələn, Sumqayıt SAM zavodu 11 min manat, Azneft İB-dən 182 min manat pulu “Azkontrakt ASC”-nin hesabına köçürmüşdür. Amma bu pulların hara xərcləndiyi bilinmir. Yenə də işçilər maaşsız qalmışlar. Magistral Neft Kəmərləri tərəfindən bizə olan 587 min manat pulun taleyi, bir neçə məhkəmə mərhələsindən sonra nəhayət, Ali Məhkəminin qərarı ilə bizim xeyrimizə həll olundu. O qədər pulun da hara xərcləndiyini heç kim bilmir. Mən Sizə Güləddin Dadaşovun daha bir qanunsuz əməlini sübut edən sənədləri təqdim edirəm, Baş Prokurorluğa və DTX-yə göndərmişik. Deməli, işçilərə əmək haqqı kimi nəzərdə tutulan 84 min manat pulun yalnız 34 min manatı paylanıb. Yerdə qalan 50 min manat pulun taleyi məlum deyil. Özü də G.Dadaşov bu pulu içşilərə iş yerində yox, “Azərkontrakt ASC”-də olan öz kabinetində qol çəkdirib verib. Sizə təqdim olunan cədvəldə G.Dadaşov mən T.İbrahimovaya 9226 manat 70 qəpik əmək haqqı yazsa da, ona cəmi 3.000 manata qədər pul verdi. Ona görə də, mən həmin əmək haqqı cədvəlinə qol çəkmədim. Bu gün də bildirirəm ki, G.Dadaşovun nəinki yol verdiyi əməllər, hətta onun müavin kimi fəaliyyəti də qanunsuzdur...
İnanırıq ki, 9 ildir maaş almayan kollektivin bu müraciəti cavabsız qalmayacaq. //tezadlar.az//